Tanınmış şair və publisist Zaur Ustacın “Dağlar” /almanax/ növbəti kitabı işıq üzü görüb. Xatırladaq ki, bu kitab Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi ərəfəsində “Dağlar-200” layihəsi çərçivəsində ərsəyə gəlib.
Belə ki, “Almanax”da Miskin Abdalın müəllifi olduğu ilk nümunələri ilə yanaşı, müxtəlif yaşlarda və statuslarda olan yazarların dağlara aid nümunələri toplanılıb. Bunların içərisində azyaşlı nümayəndə olan Bakı şəhər 20 saylı Tam Orta Məktəb Liseyinin 4-cü sinif şagirdi Tuncay Mustafayevin şeirləri də almanaxda yer alıb. Baxmayaraq ki, Tuncayın 10 yaşı var, amma onun “Dağlar” şeiri olduqca təsirlidir. Bədii orijinallığı ilə seçilir, gələcəyin böyük qələm sahibi olacağından xəbər verir. Söz düşmüşkən qeyd edək ki, Tuncayın bu almanaxda iştirakına görə, eləcə də onun şeiri söz-sənət adamları tərəfindən dəyərləndirilərək, “Kirkit” mükafatına layiq görülüb.
Onu da qeyd edək ki, nümunələrin toplanmasında heç bir limit olmamışdır. Dədə Ələsgərin ruhu qarşısında baş əyməklə, bu “Dağlar” çələnginin onun yubileyi münasibətilə gözəl hədiyyə olacağını düşünürük.